
"Biz dinc sakinlərə hücum etmək, seksual zorakılığı müharibə aləti kimi istifadə etmək arzusunu görmüşük"
Daha iki ölkə Rusiyanın Ukraynada törətdiklərini soyqırım adlandırıb
Kanadanın baş naziri Castin Trüdo bəyan edib ki, Rusiyanın Ukraynada törətdiklərinin soyqırım olması haqqında ABŞ prezidenti Co Baydenin fikri ilə tamamilə razıdır. Eyni fikirlə Kolumbiya prezidenti İvan Duke çıxış edib.
Castin Trüdo Kvebek şəhərində jurnalistlərlə söhbətində deyib ki, Rusiyanın Ukraynada törətdiklərinin soyqırım adlandırılması fikrini dəstəkləyir.
Avesta.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.
"Getdikcə daha çox insan Rusiyanın, Putinin Ukraynada törətdiklərini soyqırım adlandırır. Biz dinc sakinlərə hücum etmək, seksual zorakılığı müharibə aləti kimi istifadə etmək arzusunu görmüşük", - Kanadanın baş naziri deyib.
"Rusiyalıların belə hərəkətləri tamamilə qəbuledilməzdir və Kanada Haaqada, Beynəlxalq məhkəmədə Putini hərbi cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün cinayət işinin açılmasını tələb edən ölkələrdən biri olub.
Öz növbəsində Kolumbiya prezidenti İvan Duke Rusiyanın Ukraynadakı hərəkətlərini ukraynalılara qarşı soyqırım adlandırıb. "Ukraynada baş verənlər soyqırımdır. Buna son qoymaq lazımdır. Bu, ağılsızlıqdır", - o, CNN telekanalına müsahibəsində belə deyib.
Kolumbiya lideri əlavə edib ki, onun ölkəsi Rusiyanın neft, qaz, kömür, həmçinin hidrogen kimi enerjidaşıyıcılarını əvəz etməyə hazırdır.
"Artıq bu gün Kolumbiya enerji ehtiyatları ilə yardım edə bilər. Biz dünyada ən çox kömür ehtiyatları olan ölkələrdən biriyik və praktiki olaraq ondan istifadə etmirik", - prezident belə deyib və əlavə edib ki, Kolumbiya Almaniyaya kömür tədarükünü artıracaq.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Ayova ştatında çıxışı zamanı Rusiya rəhbərliyini diktator, Ukraynada törətdiyi müharibəni isə ilk dəfə olaraq soyqırım adlandırıb. Ukrayna prezidenti Zelenski deyib ki, Baydenin bu sözləri əsl "liderin əsl sözləridir".
CNN telekanalının jurnalistləri qeyd edib ki, Rusiyanın Ukraynada törətdiklərini Baydenlə bərabər Böyük Britaniyanın baş naziri Boris Conson və Polşa prezidenti Ancey Duda da soyqırım adıandırıb.
Bununla yanaşı, Fransa prezidenti Makron soyqırım ifadəsi ilə razılaşmayaraq rus və Ukrayna xalqlarını "qardaş xalqlar"adlandırıb.
Ukrayna XİN- də Fransa prezidenti ilə razılaşmayıblar: "Rusiya və Ukrayna tarixən obyektiv səbəblərə görə bir- birinə yaxındır, lakin Rusiya və Ukrayna xalqlarının qardaş xalq olması haqqında mif Krımın 2014- cü ildə ilhaqı və Donbasa qarşı təcavüz nəticəsində dağılıb".
XİN xatırladıb ki, o zaman "rus qardaşlarımız rusdilli əhalini müdafiə etməyə gəlib", lakin 8 il ərzində 14 min ukraynalını qətlə yetirib.
Ukrayna Baş prokurorluğu ofisinin məlumatına görə, müharibə müddətində Ukraynada 191 uşaq həlak olub, 350- yə yaxın uşaq isə yaralanıb.