
Azərbaycanda həyata keçiriləcək bir sıra iri infrastruktur layihələri çərçivəsində tikinti altına düşən torpaq sahələrinin qiymətləndirilməsi və mülkiyyətçilərə ödəniləcək kompensasiyanın hesablanması nəzərdə tutulur.
BAKU.WS-in əldə etdiyi məlumata görə, qiymətləndirmə işləri ölkənin müxtəlif bölgələrində həyata keçiriləcək su və kanalizasiya, tullantı sularının təmizlənməsi və suvarma infrastrukturunun yaxşılaşdırılması layihələrini əhatə edir.
Qiymətləndirmə çərçivəsində Böyükşorda inşa olunacaq tullantı sutəmizləyici qurğunun tikintisi zamanı layihə ərazisinə düşən xüsusi mülkiyyətdə olan torpaq sahiblərinə dəyəcək zərərin məbləği müəyyənləşdiriləcək.
Bundan başqa, Salyan şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması, eləcə də 11 tullantı su nasos stansiyasının tikintisi ilə əlaqədar həm xüsusi, həm də bələdiyyə mülkiyyətində olan torpaq sahələri qiymətləndiriləcək.
Eyni zamanda Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə inşa ediləcək altı kiçik sututar layihəsi çərçivəsində də tikinti altına düşən torpaq sahələri üzrə qiymətləndirmə aparılacaq.
Qiymətləndirmənin əsas məqsədi tikinti layihələrinin həyata keçirilməsi zamanı torpaq sahiblərinə dəyən zərərin məbləğini müəyyən etmək və qanunvericiliyə uyğun kompensasiyanın hesablanmasını təmin etməkdir. Bu proses həm xüsusi mülkiyyətdə, həm də bələdiyyə balansında olan torpaq sahələrini əhatə edir.
Qeyd edək ki, bu mərhələdə söhbət torpaq sahələrinin alınmasından deyil, layihələr çərçivəsində tikinti altına düşən ərazilərin qiymətləndirilməsi və mümkün kompensasiyanın hesablanmasından gedir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.