
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Fars körfəzi ölkələrindən birinə satdığı iddia olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə türkiyəli jurnalist Abdulkadir Selvi "Hürriyet" qəzetində dərc olunan yazısında məlumat verib.
Onun sözlərinə görə, S-400 sistemləri üçüncü ölkəyə satılıb və bununla bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Jurnalist bildirib ki, sövdələşmə üzrə son prosedurlar artıq başa çatdırılıb və komplekslərin Fars körfəzi ölkələrindən birinə göndərilməsi planlaşdırılır.
Məlumata görə, söhbət Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərdən gedə bilər. İddialara əsasən, BƏƏ İranın son hücumlarından sonra alternativ hava hücumundan müdafiə sistemləri əldə etməyə çalışır. Qətərin isə İsraillə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən bu sistemlə maraqlandığı bildirilir.
Bununla yanaşı, Türkiyə hökuməti yayılan məlumatları təkzib edib. Rəsmi mənbə bildirib ki, Rusiyadan alınmış S-400 komplekslərinin üçüncü ölkəyə verilməsi ilə bağlı nə qərar qəbul olunub, nə də belə bir məsələ müzakirə edilir.
Məsələyə Rusiya tərəfi də münasibət bildirib. Kremlin sözçüsü Dmitri Peskov bu mövzunu "həssas məsələ" adlandırıb.
Onun sözlərinə görə, Moskva ilə Ankara arasında bu məsələ ilə bağlı təmaslar olub və gələcəkdə də davam etdiriləcək. Lakin Peskov əlavə təfərrüatlar açıqlamayıb.
Bu arada, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, əgər müqavilə şərtləri buna imkan verirsə, Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması qeyri-adi hal sayılmamalıdır. Deputatın fikrincə, belə bir addım Moskva ilə Ankara arasında münasibətlərə ciddi təsir göstərməyə bilər.
Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra ABŞ tərəfindən sanksiyalarla üzləşmiş və F-35 qırıcı proqramından çıxarılmışdı. Son günlər isə Türkiyənin bu sistemləri üçüncü ölkəyə ötürə biləcəyi ilə bağlı müxtəlif iddialar beynəlxalq mediada yenidən gündəmə gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.