
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanın paytaxtında "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans keçirilir.
AVESTA.AZ xəbər verir ki, müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda keçirilən ilk belə konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada təşkil olunur.
Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər iştirak edirlər.
Tədbirdə neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların, etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq. Konfransda uzun illər kölgədə saxlanılan müstəmləkə həqiqətlərinin - ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyr nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək. Həmçinin müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları ilə yerli jurnalistlərin əməkdaşlığının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelupa və Martinikada xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanaki, Maohi, Qvadelupa, Martinika, Boneyr, Sen-Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.