
ABŞ-də ildə iki dəfə saatların irəli və geri çəkilməsi praktikası ləğv oluna bilər. Nümayəndələr Palatası yay vaxtının daimi tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
AVESTA.AZ xəbər verir ki, "Gün işığının qorunması haqqında" qanun layihəsi iyulun 14-də keçirilən səsvermədə 308 lehinə, 117 əleyhinə səslə təsdiqlənib.
Qanun layihəsinə əsasən, ölkə hazırda mart ayından noyabr ayınadək tətbiq edilən vaxt rejiminə daimi keçəcək və ildə iki dəfə saatların dəyişdirilməsi praktikasına son qoyulacaq.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl ikinci prezidentlik müddətində saat dəyişikliklərini ləğv edəcəyinə söz vermişdi. Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Senat da təsdiqləməlidir. Senat sənədə dəyişikliklər də edə bilər.
Qanun layihəsinin müəllifi, Florida ştatından respublikaçı konqresmen Vern Byukenen bildirib ki, ildə iki dəfə saatların dəyişdirilməsi insanların gündəlik həyatını əsassız şəkildə pozur.
ABŞ-də yay vaxtı ilk dəfə Birinci Dünya müharibəsi dövründə enerji və yanacağa qənaət məqsədilə tətbiq olunub. İkinci Dünya müharibəsi zamanı yenidən bərpa edilən sistem 1966-cı ildə federal qanunla ölkə üzrə standartlaşdırılıb.
Bununla belə, Havay və Arizona ştatları, eləcə də Puerto-Riko və ABŞ Vircin adaları hazırda da bu tətbiqdən istifadə etmirlər.
Qeyd edək ki, daimi yay vaxtının tərəfdarları bunun enerji səmərəliliyini və axşam saatlarında gün işığından istifadəni artıracağını bildirirlər. Tənqidçilər isə qış aylarında səhərlərin daha qaranlıq keçəcəyini, bunun yol hərəkəti təhlükəsizliyinə və insanların yuxu rejiminə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.