
Qazaxda yaşayış evində baş verən partlayış zamanı xəsarət alan iki nəfərin son vəziyyəti məlum olub.
AVESTA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 07:30-da bir kişi və bir qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Bədənlərinin müxtəlif nahiyələrində termiki yanıq xəsarətləri aşkarlanan şəxslərə zəruri tibbi yardım göstərilib.
Hazırda hər iki pasiyentin müalicəsi xəstəxanada davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.
***08:47
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qazax rayonu, Yuxarı Salahlı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
AVESTA.AZ bununla bağlı FHN-ə istinadən məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi sahəsi 20 kvadratmetr olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində tikiliyə ziyan dəyib, 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.