
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş Bakı-Xırdalan-Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt dəmir yolu xətlərinin təkmilləşdirilməsi, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Yeni Suraxanı–Hövsan və Güzdək–Qaradağ dəmir yolu xətlərinin bərpası üzrə layihələrin icrasını "Azərbaycan Dəmir Yolları" QSC həyata keçirir".
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Qurumdan qeyd edilib ki, proqram çərçivəsində dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası istiqamətində layihələndirmə işləri aparılır:
"Bu işlər bitirildikdən sonra stansiya və dayanacaqların sayı 40-a çatdırılacaq. Qeyd edək ki, bu ilin mayında Dərnəgül dayanacağının istifadəyə verilməsi ilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatıb.
Hazırda Dövlət Proqramının icrası çərçivəsində dəmiryol xətləri üzrə layihələndirmə işləri davam etdirilir. Eyni zamanda, 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub.
Paralel olaraq ölkəmizin digər bölgələrində də dəmiryol layihələrinin icrası həyata keçirilir. Hazırda Ağdam-Xankəndi dəmiryol xətti üzrə 3 ədəd stansiyanın (Əsgəran; Xocalı; Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) inşası nəzərdə tutulur. Dəmir yolu xəttinin layihələndirilməsi 90% yerinə yetirilib, xəttin tikinti-quraşdırma işləri üzrə fiziki tərəqqi isə 44% təşkil edir.
Horadiz-Ağbənd layihəsi çərçivəsində isə 8 stansiyanın (Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) tikintisi nəzərdə tutulur. Dəmir yolu xəttinin layihələndirilməsi 85% yerinə yetirilib, layihə üzrə fiziki tərəqqi isə 73% təşkil edir.
Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması ilə bağlı işlər intensiv şəkildə davam etdirilir, regional kommunikasiyaların bərpası ilə mühüm addımlar atılır".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.