
Türk xalqlarının dini-mənəvi həmrəyliyi təşəbbüsünün ərsəyə gəlməsində dövlət başçılarının hərtərəfli dəstəyi həlledici rol oynayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmaqla əsl qardaşlıq nümunələri göstərirlər:
"Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində Türk dövlətləri bizə yardımlarını əsirgəmədilər".
QMİ sədri xatırladıb ki, Füzuli və Ağdamda Özbəkistanın tərəfindın Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstanın tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi, Qırğızıstanın hədiyyəsi Aykol Manas adına tam orta məktəb və Türkmənistanın inşa etdirdiyi möhtəşəm məscid binası mənəvi dəyəri çox yüksək olan əsl qardaş ərməğanlarıdır:
"Fəxarətverici haldır ki, Türkiyədə zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində Azərbaycan tərəfindən inşa olunan məhəllənin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev Qarabağdakı məkanların açılışlarında qardaş türk ölkələrin rəhbərləri şəxsən iştirak ediblər.
Əsrlərdən gələn müştərək və mötəbər ənənələrə yeni nəfəs verən, qardaş xalqlarımızın gələcək uğurlarına təminat yaradan Türk Dövlətləri Təşkilatı müstəvisində alidəyər liderlərimizlə hər bir görüşümüz xüsusi dəyər kəsb edir. Biz dini liderlər dövlət rəhbərlərimizin müdrik fikir və tövsiyyələrindən faydalanır, məsləhətləri ilə yeni dəyərli layihə və tədbirlərə ruhlanırıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.