
Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Media və Yayım Şurasından məlumat verilib.
Bildirilib ki, görüşdə Ə.İsmayılov Azərbaycan və Türkiyə arasında media və kommunikasiya sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Müasir informasiya mühitində sözügedən sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın vacibliyi qeyd olunub.
F.Pirinççi rəqəmsal transformasiyanın media və kommunikasiya sahəsində yaratdığı yeni imkanlardan bəhs edib. Yeni media alətlərinin effektiv tətbiqi, müasir kommunikasiya yanaşmalarının inkişaf etdirilməsi, eləcə də iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin və birgə təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı müasir informasiya çağırışlarına qarşı koordinasiyalı yanaşma imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.