
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı yüksək qiymətləndirir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.
T. Musayev çıxışında Hərtərəfli Nüvə Sınaqlarının Qadağan olunması Müqaviləsinin (CTBT) 30 il keçməsinə baxmayaraq, qüvvəyə minmədiyini xatırladıb: "O, qüvvəyə minənədək mövcud moratoriumlar qorunub saxlanılmalı və müqavilənin yoxlama rejiminin bütövlüyü təmin edilməlidir".
Kimyəvi Silahlar Konvensiyasının iştirakçı dövlətləri tərəfindən bəyan edilmiş bütün kimyəvi silah ehtiyatlarının məhv edilməsini tarixi bir mərhələ adlandıran T. Musayev indi qarşıda duran vəzifənin kimyəvi silahların yenidən ortaya çıxmasının qarşısını almaq və kimyanın sülh məqsədlərinə xidmət etməyə davam etməsini təmin etmək olduğunu vurğulayıb: "İnkişaf etmiş neft-kimya sektoruna malik olan Azərbaycan üçün kimyəvi texnologiyaların təhlükəsiz və dinc məqsədlərlə tətbiqi də praktiki milli əhəmiyyət kəsb edir".
Sonda bildirilib ki, Azərbaycan silahlara nəzarət, yayılmama və tərk-silahla bağlı öhdəliklərinin tam yerinə yetirilməsinə sadiqdir: "Biz həmçinin qlobal nüvə silahlarının yayılmaması rejiminin təməl daşı və nüvə tərksilahı, habelə nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün mühüm çərçivə olan Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə (NPT) sadiqliyimizi bir daha təsdiqləyirik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.