
Bakının mərkəzində yaşıllıq zolağının məhv edilməsi ilə bağlı iddialara "Premium Residence" MTK-dan münasibət bildirilib.
AVESTA.AZ xəbər verir ki, şirkətdən Oxu.Az-a bildirilib ki, səsləndirilən iddialar tamamilə əsassızdır.
Qeyd olunub ki, kök sistemi zəif olan ağac gecə saatlarında aşıb və yaxınlıqda park edilmiş avtomobillərə zərər vurub. Şirkət nümayəndəsi hər hansı kütləvi ağac kəsilməsinin olmadığını vurğulayıb.
Bildirilib ki, sözügedən ərazidə tikinti işləri artıq bir müddətdir başa çatıb:
"Hazırda ətraf ərazinin abadlaşdırılması işləri aparılır. Gələcəkdə burada yeni ağacların əkilməsi və ərazinin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur".
*** 13:58
Bakıda məşhur tikinti şirkəti yaşıllıq zolağını məhv edir.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a vətəndaş Elçin Xəlilzadəmüraciət edib.
Şikayətçi bildirir ki, yaşadığı Nərimanov rayonu, Əlizadə küçəsində yaşıllıq zolağı var və həmin yaşıllıq zolağı hasarlanaraq məhv edilib:
"303 saylı uşaq bağçası ilə üzbəüz ərazidən gedir söhbət. Həmin ərazi bir müddət əvvəl məşhur tikinti şirkəti olan "Premium Residence" MTK tərəfindən hasarlanıb. Daha sonra isə həmin ərazidəki uzunömürlü ağaclar məhv edilməyə başlanıldı. Hazırda ərazidə ağacların kütləvi qırılması gedir. Ağaclar gecə saat 3-də kəsilir, doğranır və ərazidən uzaqlaşdırılır. Bu proses hər gün davam edir. Dünən daha bir ağacı kəsiblər. İrigövdəli ağac kəsilərkən qırılıb mənim avtomobilimin üzərinə düşüb. Avtomobilimə ciddi ziyan dəyib. Məsələ ilə bağlı MTK-ya müraciət etmişəm. Mənə MTK-dan bildiriblər ki, təbii fəlakətdir".
Şikayətçi iddia edir ki, hazırda ağacların kütləvi qırılması davam etdirilir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.