
Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb.
AVESTA.AZ həmin açıqlamanı təqdim edir:
"APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir edilməsi və peşə fəaliyyətinə maneçilik törədilməsi qəbuledilməzdir.
Jurnalistin hadisə yerində ictimai əhəmiyyət daşıyan məlumatları toplaması və cəmiyyətə çatdırması onun peşə vəzifəsidir. Bu fəaliyyətə qarşı fiziki güc tətbiq edilməsi, təhdid və təhqirlərə yol verilməsi yalnız jurnalistin hüquqlarına deyil, bütövlükdə informasiya əldə etmək və yaymaq azadlığına qarşı yönəlmiş davranışdır.
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qaydaların qorunması qanuni çərçivədə təmin edilməli, jurnalistlərin fəaliyyəti isə əsassız şəkildə məhdudlaşdırılmamalıdır.
Baş vermiş hadisə aidiyyəti orqanlar tərəfindən hərtərəfli və obyektiv araşdırılmalı, jurnalistə qarşı zorakılıq törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməli və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməlidir".
Qeyd edək ki, ötən gün APA TV-nin əməkdaşı Sənan Bəhrəmli peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalıb.Özünü yanğın baş vermiş kombinatın mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu təhqir edib və şirkətin texniki avadanlığına zərər vurub.
Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başladıldığını, Heydər Sərdarovun isə saxlanıldığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.