
Çexiyada avtomobil yolu tikintisi zamanı arxeoloqların qarşısına yaşı 2 min ildən çox olan nəhəng Kelt yaşayış məskəni çıxıb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Hradec-Kralove şəhəri yaxınlığında aparılan ikiillik qazıntılar zamanı qızıl və gümüş sikkələr, kəhrəba, şüşə qablar və minlərlə metal əşya aşkarlanıb.
Dəmir dövrünə aid yaşayış məskəninin təxminən 25 hektar ərazini əhatə etdiyi müəyyənləşib. Tapıntıların miqyası isə arxeoloqları təəccübləndirib. Belə ki, iki il ərzində toplanaraq çeşidlənən tarixi əşyalar ümumilikdə 22 min kisəni doldurub.
Aşkar edilən əşyalar arasında Kelt sikkələri, onların hazırlanmasında istifadə olunan qəliblər, Baltik kəhrəbası və metal qab qalıqları da var.
Mütəxəssislərin məlumatına görə, bölgədə əvvəllər aşkar edilən oxşar yaşayış məskənləri əsasən 1-2 hektar ərazini əhatə edib. Yeni tapıntı isə ölçüsünə görə onlardan xeyli böyükdür.
Qazıntı işlərinə rəhbərlik edən Matuş Holas bildirib ki, araşdırmalar 2023-cü ildə başlayıb və məhz avtomobil yolu layihəsi sayəsində bu tarixi məkan üzə çıxıb. Onun sözlərinə görə, yol tikintisi olmasaydı, yaşayış məskəni uzun illər kəşf edilmədən qala bilərdi.
Arxeoloqlar ərazidə müdafiə divarları və xəndəklər aşkar etməsələr də, yaşayış evlərinin, istehsalat emalatxanalarının və iki müqəddəs tikilinin qalıqlarını tapıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.