
Almaniyanın hakim partiyaları ölkənin ilk qadın prezidenti vəzifəsinə 61 yaşlı Xristian-Sosial İttifaqının (XSU) nümayəndəsi İlze Ayqnerin namizədliyi ətrafında birləşiblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, Ayqnerin namizədliyini kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (XDİ), Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) liderləri, eləcə də "Yaşıllar" Partiyası dəstəkləyib.
Namizədliyi təqdim edən Fridrix Merts bildirib ki, onun fikrincə, qadının bu ali vəzifəni tutmasının vaxtı çoxdan çatıb.
Hazırda Bavariya parlamentinin sədri olan Ayqner daha əvvəl Almaniyanın kənd təsərrüfatı naziri, eləcə də Bavariyanın iqtisadiyyat və nəqliyyat naziri vəzifələrində çalışıb.
Ayqner siyasi qütbləşmənin artdığı bir vaxtda birləşdirici fiqur olmaq niyyətində olduğunu bildirib. O, müxtəlif siyasi qüvvələrin dəstəyini populist və ekstremist qüvvələrə qarşı mühüm mesaj kimi qiymətləndirib.
Qeyd edək ki, Almaniyada prezident seçkiləri 2027-ci il yanvarın 30-da keçiriləcək. Ayqner bu vəzifədə üçüncü müddətə namizədliyini irəli sürə bilməyən hazırkı prezident Frank-Valter Ştaynmayeri əvəz edə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.