
İspaniyada mənzil qiymətlərinin və kirayə haqlarının artmasına etiraz olaraq təxminən 4 milyon işçi ümumi tətilə qoşulub. 2012-ci ildən sonra ilk dəfə keçirilən tətil zamanı ölkə üzrə bir sıra müəssisələrin fəaliyyəti dayanıb.
BAKU.WS xəbər verir ki, aksiyaya ölkənin iki böyük həmkarlar ittifaqı – UGT və CCOO, eləcə də kirayəçilərin birlikləri dəstək verib.
Paytaxt Madrid başda olmaqla, bir çox şəhərdə etiraz aksiyaları keçirilib. Madridin əsas küçələrindən olan Qran-Viyada bir sıra mağazalar fəaliyyətini dayandırıb. Barselonada da çoxsaylı obyektlər mümkün qarşıdurmaların qarşısını almaq məqsədilə bağlanıb.
İspaniya Mərkəzi Bankının məlumatına görə, ölkədə təxminən 750 min mənzil çatışmazlığı var. Bu rəqəmin 2028-ci ilədək 1 milyonu ötəcəyi proqnozlaşdırılır. İspaniya Gənclər Şurasının məlumatına əsasən, orta aylıq kirayə haqqı 1 176 avroya çatıb. Bu məbləğ gənclərin orta aylıq əməkhaqqının təxminən 98,7 faizinə bərabərdir.
Tətilə ən yüksək iştirak limanlarda və avtomobil sənayesində qeydə alınıb. Həmkarlar ittifaqları bu sahələrdə iştirak səviyyəsinin 90 faizə çatdığını, "Volkswagen"in Navarra və "SEAT"ın Barselona zavodlarında istehsalın tamamilə dayandığını açıqlayıb. Səhər saatlarında elektrik enerjisinə tələbat da 15,5 faiz azalıb.
Polisin məlumatına görə, günorta saatlarınadək tətil zamanı baş verən hadisələrlə əlaqədar 40 nəfər saxlanılıb, müdaxilələr nəticəsində 20 etirazçı xəsarət alıb.
Qeyd edək ki, ümumi tətil noyabrın 29-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri ərəfəsində Baş nazir Pedro Sançes hökumətinə təzyiqləri artırıb. Mənzil böhranı ilə bağlı qanunvericilik təşəbbüslərinin parlamentdə rədd edilməsi və evdən çıxarılmalara qarşı etirazların genişlənməsi də siyasi gərginliyi artıran amillər sırasındadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.