
"Rusiya dinc sakinlərin Lisiçanska deyil, "LXR"-nəzarətində olan Svatovo şəhərinə təxliyə edilməsinə razıdır..."
"İkinci Mariupol"?
Rusiya Severodonetskdə "Azot" zavodunda Ukrayna hərbçilərinə təslim olmağı təklif edib
Ukraynanın şərqində Severodonetsk şəhəri uğrunda şiddətli döyüşlər davam edir. İyunun 14-də Rusiya Severodonetsk və Lisiçansk arasında sənaye zonasında yerləşən "Azot" kimyəvi zavodunu müdafiə edən Uktayna hərbçilərinə təslim olmağı təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "SİTA" dövlət agentliyi məlumat yayıb.
Zavod daimi olaraq bombardmanlara məruz qalır. Yerli hakimiyyət bəyan edir ki, kimyəvi kombinatda təxminən 500 dinc sakin sığına bilər.
Rusiya müdafiə nazirliyi, əvvəllər olduğu kimi, bəyan edib ki, Ukrayna hərbçiləri, guya, mülki insanları "canlı qalxan" kimi istifadə edir. Eyni zamanda, Rusiya müdafiə nazirliyi bəyan edib: "Ukrayna tərəfi Severodonetskdəki "Azot" kimyəvi kombinatında olan mülki şəxslərin (qadınların, uşaqların və yaşlı insanların) Kiyevin nəzarətində olan Lisiçansk şəhərinin ərazisinə təxliyəsi üçün humanitar dəhlizin təşkili ilə bağlı xahişlə müraciət edib.
Bu xahiş Rusiyada hərbçilərin mühasirədən çıxarılmasına cəhd kimi dəyərləndirilib.
"Ukrayna tərəfinin, guya, dinc vətəndaşların xilas edilməsi ilə bağlı müraciətini sağ qalan bölmələrin mühasirədən çıxarılmasına cəhd kimi dəyərləndiririk. Beləliklə, Mariupol ssenarisinin təkrar edilməsi göz önündədir", - Rusiya müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri general-polkovnik Mixail Mizintsev bəyan edib.
Bu zaman Rusiya dinc sakinlər üçün humanitar dəhliz açmağa "razılaşıb", lakin Lisiçanska deyil, üzdəniraq LXR-in nəzarətində olan Svatovo şəhərinə təxliyə edilməsi şərtilə.
Rusiya müdafiə nazirliyi bəyan edib ki, Lisiçanska təxliyə, guya, mümkün deyil, çünki Ukrayna hərbçiləri körpüləri partladıb.
Bu ərəfədə Ukrayna tərəfi məlumat verib ki, Rusiya hərbçiləri Severodonetski Lisiçanskla birləşdirən üç körpünün hamısını məhv edib. Bunun isə hərbi mənası var, Rusiya Ukraynanın nəzarətində olan Lisiçanskdan kömək çatdırılması yollarını bağlamış olur.
Yerli hakimiyyət deyir ki, Severodonetskin hələ də Ukraynanın digər əraziləri ilə əlaqəsi kəsilməyib:
"Çox çətin olsa da, şəhərlə əlaqə yolları mövcuddur", - şəhər rəhbəri Aleksandr Stryuk deyib.
Rusiya müdafiə nazirliyi bəyan edib ki, Rusiya təslim olanlara "həyatlarının saxlanmasına və Cenevrə Konvensiyasının hərbi əsirlərlə davranış normalarına uyğun olaraq, Mariupolda olduğu kimi", zəmanət verir.
Bu arada isə Ukrayna ordusunda müqavilə ilə xidmət edən üç xarici vətəndaş (ən azı ikisində Ukrayna vətəndaşlığı var) bu yaxınlarda oyuncaq DXR-də ölüm cəzasına məhkum edilib.