
Azərbaycanda “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” (RMİD) İctimai Birliyi təsis edilib.
"Report"un xəbərinə görə, birliyin təsis edilməsinin əsas məqsədi reklam və marketinq sahəsində düyanın ən yeni, qabaqcıl təcrübə və texnologiyalarının öyrənilməsi və tətbiqi üçün yerli bazar iştirakçılarının bir araya gətirilməsi, onların daha effektiv işlər həyata keçirmək imkanlarını reallaşdırmaq məqsədilə universal platformada təmsil olunmasıdır.
Bu məqsədlə qurum rəsmi dövlət qeydiyyatından keçərək bu ilin sentyabrdan fəaliyyətə başlayıb.
RMİD İctimai Birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları, seminarlar, "dəyirmi masa"lar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara professional dəstək verəcək.
Təşkilat yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil edib.
Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.
Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.