
"Bakıda fərdi yaşayış evi tikmək istəyən vətəndaşlar ilk növbədə torpaq sahəsinin hüquqi statusuna və tikilinin parametrlərinə diqqət yetirməlidirlər. Qanunvericiliyə əsasən, evin ölçülərindən asılı olaraq ya məlumatlandırma icraatı, ya da tikintiyə icazə proseduru tətbiq olunur".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd olmalıdır:
"Eyni zamanda torpağın təyinatı yaşayış tikintisinə uyğun olmalıdır. Hündürlüyü 12 metrdən, yerüstü mərtəbələrinin sayı 3-dən, aşırımlarının uzunluğu isə 6 metrdən çox olmayan evlər üçün məlumatlandırma icraatı nəzərdə tutulur. Bu halda müvafiq ərazi üzrə icra hakimiyyəti orqanına elektron qaydada müraciət edilməlidir. Təqdim olunan sənədlərə 10 gün ərzində irad bildirilmədikdə tikintiyə başlamaq mümkündür.
Məlumatlandırma üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, memarlıq-planlaşdırma layihəsi və tikinti ərazisinin baş planı təqdim olunmalıdır. Layihədə binanın mərtəbələri, zirzəmisi, dam örtüyü, fasadları və kəsikləri göstərilməlidir. Sənədlər şəhərsalma normalarına uyğun hazırlanmalı, qonşu ərazilərin və yol sahələrinin hüquqlarını pozmamalıdır".
AQC sədri əlavə edib ki, vacib məqamlardan biri də layihənin hazırlanmasıdır:
"Tikinti layihəsi müvafiq lisenziyaya malik layihələndirmə şirkəti və ya bu fəaliyyətlə məşğul olmaq hüququ olan mütəxəssis tərəfindən hazırlanmalıdır.
Əgər evin hündürlüyü 12 metri, yerüstü mərtəbələrinin sayı 3-ü və ya aşırımlarının uzunluğu 6 metri keçirsə, məlumatlandırma deyil, tikintiyə icazə icraatı tətbiq edilir.
Bu zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunmalı, aşağıdakı sənədlər təqdim edilməlidir:
Torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd;
Tam tikinti layihəsi;
Sifarişçinin şəxsiyyət vəsiqəsinin surəti;
Sifarişçi hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarış;
Qanunvericilikdə tələb olunduğu hallarda ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və ekoloji ekspertizanın rəyi".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.