
"İlin sonunda orta aylıq əməkhaqqının məbləğində nə qədər artım olacağını biləcəyik. Orta aylıq əməkhaqqının məbləği nə qədər artacaqsa, növbəti illərdə əmək pensiyalarının indeksiyası işlərinə keçiləcək".
“AVESTA.AZ” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsi məsələsi Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlayıb: “Noyabr ayının 1-dək 600 milyon manat, son bir həftə ərzində də təxminən əlavə 200 milyon manat investisiyaya yönəldilib. Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarlarında yerləşdirilir. Bu da, eyni zamanda kapital bazarlarının inkişafı üçün dəstək tədbiri deməkdir”.
S.Babayev əlavə edib ki, bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində dövlət büdcəsindən ödənilən vəsaitin həcmi cəmi 20 faiz təşkil edəcək: "80 faiz sosial sığorta haqları hesabına yığılan vəsaitdir. Bu da DSMF-nin müstəqilliyi, maliyyə dayanıqlılığı və gələcək inkişafı baxımından çox önəmlidir. Aparılmış saxta və əsassız ödənişlərin qarşısının alınması ilə bağlı görülmüş işlər bizə imkan verir ki, dövlət büdcəsindən vəsaitin 100 faizini transfert kimi köçürməyək, yalnız yarısını köçürək”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.