
Azərbaycan qida təhlükəsizliyinə nəzarət prosesində liderdir və bu işi regionda görən ilk ölkədir.
"AVESTA.AZ" xəbər verir ki, bunu “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbirdəki çıxışı zamanı qida təhlükəsizliyi üzrə beynəlxalq ekspert Anna Vasilenko deyib.
O bildirib ki, Azərbaycan höküməti ilə birgə böyük səy göstərilib, intensiv fəaliyyət oldu:
"İşi, əsasən, qida təhlükəsizliyinə cavabdeh olan Azərbaycanın qida təhlükəsizliyi üzrə səriştəli hökumət rəsmiləri gördülər. Dəyərləndirmə fəaliyyətimizin nəzarət funksiyalarının azərbaycanlı istehlakçılar üçün nə dərəcədə yaxşı təşkil edildiyi, layihələndirildiyi və planlaşdırıldığına yönələnib. Bu dəyərləndirmə bütün Şərqi Avropa və Mərkəzi Asiya regionunda ilk dəfədir ki, icra edilir. Azərbaycan bu prosesdə liderdir və bu işi regionda görən ilk ölkə, pionerdir. Milli qida nəzarət sistemi Azərbaycanda çox gənc olsa da, onun işi çox yüksək qiymətləndirilir".
A.Vasilenkonun sözlərinə görə, bu müddət ərzində hansısa böyük qüsur, boşluq müəyyən edilməyib:
"Gənc bir sistem üçün çox yaxşı göstəricidir. Lakin müəyyən aspektlər var ki, onu daha yüksək səviyyəyə yüksəltmək lazımdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu sistemi qurmaq üçün böyük səylər göstərib. Nəticələr bizi məmnun edir".
Qeyd edək ki, Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbir işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.