
Biz razılıq versək də, ermənilər çəkindilər, oynamaq istəmədilər.
Bunu “Report”a açıqlamasında Azərbaycan İdman Jurnalistləri Assosasiyasının (AİJA) prezidenti Eldar İsmayılov deyib.
O, Azərbaycanın idman jurnalistlərindən ibarət minifutbol komandasının Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Media Kubokunda çıxışını dəyərləndirib: “Moldovanın idman jurnalistləri assosiasiyası hər il beynəlxalq Media Kuboku təşkil edir. 2014-cü ildə də həmin yarışda iştirak etmişdik. Komandamızın kapitanı rəhmətlik Elnur Əşrəfoğlu idi. O vaxt finalda Moldova komandası ilə qarşılaşdıq. Rəqibin heyətində o vaxtkı ölkə prezidentinin oğlu da oynadığı üçün nəyin bahasına olur-olsun, qələbə qazanmağa çalışırdılar. Həmin vaxt ikinci olduq. Ötən il sponsor tapa bilmədiyimiz üçün bu yarışa gedə bilmədik”.
Qurum rəsmisi bütün oyunları qələbə ilə bitirib çempion olduqlarını söyləyib: “Çox gərgin yarış keçdi. İlk oyunda Almaniya komandasını böyük hesabla məğlubiyyətə uğratdıq. Daha sonra İsraillə qarşılaşdıq. Bu komandada əsasən ukraynalı jurnalistlər çıxış edirdilər. Son dərəcə hazırlıqlı olmalarına baxmayaraq, onları 1:0 hesabı ilə məğlub etdik. Üçüncü oyunda Moldovanı 4:2 üstələyərək yarımfinala yüksəldik. Bu mərhələdə gürcüstanlı həmkarlarımızla qarşılaşdıq və qələbə qazandıq. Finalda isə Rumıniyaya böyük hesabla qalib gələrək çempion olduq və kuboku Bakıya gətirdik”.
AİJA prezidenti turnirdə Ermənistan komandasının da olduğunu, amma onların millimizlə oynamaqdan çəkindiklərini deyib: “Yarışda Ermənistan komandası da çıxış edirdi. Bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşmuşdular. Razılıq vermişdik. Hər halda, beynəlxalq yarışdır. Ancaq ermənilər heç öz qruplarından çıxa bilmədilər”.
Qeyd edək ki, Avropa Media Kubokunun finalında Rumıniyanı 7:4 hesabı ilə məğlub edən Azərbaycan yığması ilk dəfə çempion tituluna yiyələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.