
Yenidən Azərbaycana qayıtdığım üçün xoşbəxtəm, bura mənim vətənimdir.
Bunu “AVESTA.AZ”a açıqlamasında Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Mərt Çəlik “Səbail” klubuna transfer olunması barədə danışarkən deyib.
Yeni komandası ilə 1 illik müqavilə bağlayan 24 yaşlımüdafiəçi Azərbaycan Premyer Liqasının startını səbirsizliklə gözlədiyini söyləyib:
“Səbail”dən təklif aldım və qəbul etdim. Yeni komandama qısa zamanda uyğunlaşacağımı düşünürəm. Yeni mövsümdə “Səbail”in uğurları üçün əlimdən gələnin ən yaxşını etməyə çalışacam. Hazırda Ərzurumdayıq. Toplanış tam sürətlə davam edir. Baş məşqçimiz Şahin Diniyevin rəhbərliyi altında gün ərzində iki məşq keçirilir”.
M.Çelik Türkiyədə keçirdikləri ilk yoxlama oyununa da toxunub:
“Ağır məşqlərdən sonra ilk yoxlama oyunumuzu keçirdik. Türkiyənin 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşdıq. Çətin oyun oldu. Əsas məqsədimiz təlim-məşq toplanışının sonunadək tam gücümüzü bərpa edib ölkə çempionatına hazır olmaqdır. Çünki bizi qarşıda gərgin və maraqlı oyunlar gözləyir”.
Qeyd edək ki, M.Çelik U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qol vurub. 24 yaşlı futbolçu "Səbail"ə Türkiyənin I Liqa təmsilçisi “Bandırmaspor”dan keçib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.