
Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.
"AVESTA.AZ" xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və "Sumqayıt" klubunun təşkilati dəstəyi ilə gerçəkləşən yarışın həlledici matçında "Şuşa" və "Kəlbəcər" komandaları üz-üzə gəlib.
Gərgin keçən görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 2:0 (25:20, 25:21).
Beləliklə, "Şuşa" ardıcıl üçüncü dəfə Zəfər Kubokunun qalibi olub.
3-cü yer uğrunda görüşdə isə "Füzuli" "Ağdərə"dən üstün olub - 2:0 (25:21, 25:14).
Xatırladaq ki, daha əvvəl keçirilmiş yarımfinal oyunlarında "Şuşa" "Füzuli"ni (25:20, 25:20), "Kəlbəcər" isə "Ağdərə"ni (25:15, 25:14) üstələmişdi - 2:0.
Mükafatlandırma mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru və İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və digər rəsmi qonaqlar iştirak edib.
Əvvəlcə "Sumqayıt" klubuna təşəkkürnamə təqdim olunub.
Daha sonra "AVESTA.AZ"u təmsil edən "Füzuli" komandasının üzvləri bürünc medallarla təltif olunub.
"Kəlbəcər" komandası gümüş medala sahib çıxıb.
"Şuşa"ya isə qızıl medal, qiymətli hədiyyələr və Zəfər Kuboku verilib. Turnirin ən yaxşı oyunçusu isə qalib komandanın üzvü İskəndər İbrahim seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.