
Azərbaycanın 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
"AVESTA.AZ"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə tatamiyə əvvəlcə Aytac Qardaşxanlı çıxıb. Xanım cüdoçular arasında 63 kq çəki dərəcəsində yer alan Qardaşxanlı 1/16 finalda almaniyalı Nele Noakı vaxtından əvvəl ipponla üstələyib. O, 1/8 finalda belçikalı Alessia Korrao ilə üz-üzə gələcək.
Oğlan cüdoçulardan Elcan Hacıyev 81 kq çəki dərəcəsində monteneqrolu Marko Yanseri məğlubiyyətə uğradıb. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Giorgi Jabnaşvili olacaq.
Eyni çəkidəki Ömər Rəcəbli isə estoniyalı Randel Pasteli sonuncu saniyədə ipponla yenib. Rəcəbli 1/8 finalda isveçrəli Orelyen Bonferronini sınağa çəkəcək.
Nəhayət, 73 kq-da Vüsal Qələndərzadə islandiyalı Kyartan Hreydarssonu ipponla udub. O, 1/8 finalda gürcüstanlı Kote Kapanadzeyə rəqib olub.
Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.