
İcbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyi AVESTA.AZ-in sorğusuna cavab verib.
Bildirilib ki, bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.
Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir.
Agentlikdən bildirilib ki, xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır:
"Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır."
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.