
"Mənzil təminatı şəhər inkişafının əsas problemlərindən biri olaraq qalır, çünki dünyada bir milyarddan çox insan qeyri-qənaətbəxş şəraitdə yaşayır. Sürətli urbanizasiya, qiymətlərin artması və əhalinin çoxalması şəhərlərə təzyiqi davam etdirir".
AVESTA.AZ xəbər verir ki, bu barədə "Euronews" telekanalının mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü iclası (WUF13) barədə hazırladığı reportajda bəhs edilir.
Bildirilir ki, WUF13 inklüziv və davamlı inkişaf sahəsində həllərin müzakirəsi üçün platforma təqdim edir. Hakimiyyət orqanları mənzil təminatını infrastruktur, məşğulluq və icmaların inkişafının planlaşdırılması ilə birləşdirən yanaşmaları vurğulayırlar.
Reportajda qeyd edilir ki, əlçatanlığı və uzunmüddətli inkişafı dəstəkləmək üçün genişmiqyaslı proqramlar və yenidənqurma layihələrindən də istifadə olunur. Burada əsas diqqət yaşayış şəraitinin yaxşılaşdırılması və sosial sabitliyin gücləndirilməsinə yönəldilir.
Vurğulanır ki, təhlükəsiz və əlçatan mənzilə çıxış müasir şəhər inkişafının ən kəskin problemlərindən biri olaraq qalır, çünki mənzil siyasəti həyat keyfiyyətinə, sosial dayanıqlılığa və icmaların inkişafına birbaşa təsir göstərir. Həmçinin qeyd olunur ki, foruma ev sahibliyi edən Azərbaycan mənzil tikintisi, münaqişədən sonrakı bərpa və irimiqyaslı sosial proqramlar sahəsində öz təcrübəsini təqdim edir.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov isə öz növbəsində bərpa layihələrinin həyata keçirilməsi ilə bağlı təşkilati və zamanla əlaqədar çağırışları qeyd edib:
"Hamımız müəyyən çağırışlarla üzləşdik, onlardan ən başlıcası zaman, eləcə də yaşayış obyektlərinin və binaların tikintisinin təşkili idi. Hazırda Şuşada 1 400 nəfər yaşayır ki, bu da təxminən 377 ailə deməkdir", - deyə o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.