
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Kuboku öncəsi turist marağı zəifləyib, otellər qiymət endirimlərinə başlayıb.
AVESTA.AZ xəbər verir ki, turizm sektorunun nümayəndələri yüksək bilet qiymətləri, inflyasiya narahatlıqları və ABŞ-la bağlı artan narazılığın azarkeşlərin turnuvadan uzaqlaşmasına səbəb olduğunu bildirir.
"Lighthouse Intelligence" məlumatlarına görə, Atlanta, Dallas, Mayami, Filadelfiya və San-Fransisko kimi ev sahibi şəhərlərdə oyun günləri üçün otel qiymətləri ilin əvvəlindəki pik səviyyə ilə müqayisədə təxminən üçdə bir azalıb.
Buna baxmayaraq, gözlənilən turist axını qeydə alınmayıb. Gianni Infantino daha əvvəl yüz minlərlə azarkeşin gələcəyini proqnozlaşdırsa da, real göstəricilər bu gözləntiləri doğrultmur.
Mütəxəssislər bildirir ki, yüksək xərclər əsas maneələrdəndir. Hesablamalara görə, bir azarkeşin komandasını finala qədər izləməsi minimum 6 900 dollara başa gəlir. Bu isə əvvəlki turnirlərlə müqayisədə xeyli yüksəkdir.
Eyni zamanda, enerji qiymətlərinin artması və qlobal qeyri-sabitlik aviabilet qiymətlərini yüksəldərək səyahət planlarına mənfi təsir göstərir.
Analitiklər qeyd edir ki, bəzi azarkeşlər daha sərfəli şərtlər gözləyərək 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək turnirə üstünlük verə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.