
Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol olynamağa başlayır.
AVESTA.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Türkiyə və Azərbaycan artıq onillərdir ki, böyük layihələrin imzalanmasında iştirak edir. Bu layihələr geniş regionumuzda bugünkü qarşılıqlı bağlantının əsasını qoyub. Düşünürəm ki, burada koordinasiya əsas sözdür, çünki bağlantı layihələri yalnız ölkələr və tərəflər siyasi bəyannamələrdən konkret qarşılıqlı fəaliyyət mexanizmlərinə keçdikdə uğurlu olur. Bu məsələdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən TDT-nin artan əhəmiyyətini vurğulamaq istərdim", - E.Əmirbəyov deyib.
Xüsusi nümayəndə qeyd edib ki, TDT ölkələrinin coğrafiyası Orta Dəhlizin təməlini formalaşdırır. Onun sözlərinə görə, təşkilat gömrük prosedurlarının harmonizasiyasını, infrastruktur "dar boğazları"nın aradan qaldırılmasını və sərhəd məsələlərinin həllini əhatə edən fəaliyyətlərin razılaşdırılması üçün platformaya çevrilir.
O, həmçinin qeyd edib ki, Xəzər dənizinə maneə kimi deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirən həlqə kimi baxılmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.