
Bakı metrosunun Həzi Aslanov metro stansiyası ilə bağlı narahatedici vəziyyət diqqət çəkir.
BAKU.WS-in məlumatına görə, stansiyanın platforma hissəsində ciddi texniki problemlər mövcuddur.
Perron boyunca divarlarda su izləri və çoxsaylı sızma əlamətləri açıq şəkildə görünür. Mərmər üzlüyün bəzi hissələrinin deformasiyaya uğraması və çürüməsi isə problemin yeni olmadığını göstərir.
Qeyd edək ki, vizual əlamətlər uzunmüddətli və sistemli su infiltrasiya prosesindən xəbər verir. Bu cür hidroizolyasiya problemləri metropoliten infrastrukturunda daha ciddi nəticələrə gətirib çıxara bilər. Xüsusilə elektrik kabellərində qısaqapanmaların baş verməsi və nəticədə qatarların hərəkətində fasilələrin yaranması ehtimalı artır.
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, "Həzi Aslanov" stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib:
"Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.
Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü il tarixindən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir.
Qeyd edək ki, dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.
"Həzi Aslanov" stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, "Həzi Aslanov" stansiyasına keçid funksiyası daşıyacaq "Y-17" stansiyasının inşası dövründə həyata keçiriləcək.
Bununla yanaşı, stansiya daim nəzarətdə saxlanılır, mütəmadi texniki baxış və qulluq işləri aparılır. Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.