
Yaxın Şərqdə müharibənin ilk günlərində İran 1950-ci illərin sonlarında hazırlanmış köhnə F-5 qırıcı təyyarəsi ilə Küveytdə yerləşən ABŞ-nin "Ədeyri" bazasına (hazırda rəsmi olaraq Camp Buehring - Kemp Bürinq adlanır) hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ və onun müttəfiqlərinə açıq elan ediləndən daha böyük zərər vurub.
İordaniya, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında uçuş-enmə zolaqları, radar sistemləri, təyyarələr, anbarlar, qərargahlar və anqarlar məhv edilib. ABŞ rəsmilərinin hesablamalarına görə, bərpa xərcləri 5 milyard dollara çata bilər.
Xüsusilə diqqətçəkən hadisə Küveytdəki bazaya endirilən zərbə olub. İran F-5 təyyarəsi hava hücumundan müdafiə sistemini yararaq "nadir keçid" əldə edib. Bu, uzun illərdən sonra ilk dəfə düşmən təyyarəsinin ABŞ hərbi bazasına zərbə endirməsi kimi qiymətləndirilir.
F-5 ABŞ istehsalı olan, hazırda əsasən təlim məqsədilə istifadə edilən və F-35, F-22 kimi müasir qırıcılarla müqayisədə xeyli zəif hesab olunan bir təyyarədir. İran bu təyyarələrdən 1960-cı illərdə, ABŞ ilə münasibətlərin yaxşı olduğu dövrdə 100-dən çoxunu alıb və onları bu günə qədər istismar vəziyyətində saxlamağı bacarıb.
Qeyd edək ki, F-5 kimi 1950–60-cı illər texnologiyasına aid təyyarənin döyüşdə istifadə olunması göstərir ki, köhnə hərbi texnika düzgün saxlanıldıqda və modernləşdirildikdə hələ də effektiv ola bilər. İddia olunan "RƏM sisteminin yarılması" müasir müdafiə sistemlərinin belə tam zəmanətli olmadığını göstərir. Bu, xüsusilə aşağı profilli və köhnə platformaların təhlükə yaratmaq imkanını vurğulayır.
F-5 kimi köhnə bir təyyarənin ABŞ bazasına zərbə endirməsi hərbi baxımdan deyil, daha çox psixoloji və informasiya müharibəsi baxımından diqqətçəkicidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.