
"Müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib. Artıq üçüncü ildir təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir".
AVESTA.AZ xəbər verir ki, bu sözləri "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən III Forumun "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" panel sessiyasında iştirak edən Əhməd İsmayılov deyib.
Çıxış zamanı Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması sahəsində formalaşdırdığı peşəkar media təcrübəsinə diqqət çəkilərək WUF13 çərçivəsində də media və kommunikasiya fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib,vurğulanıb ki, cari ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması milli memarlıq irsi və şəhərsalma siyasəti ilə bağlı ictimai məlumatlandırma prosesinin daha da intensivləşdirilməsini zəruri edir.
Xatırladaq ki, bu gün Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.
Tədbirdə Medianın İnkişafı Agentliyindən, o cümlədən dövlət qurumları və mediadan bir sıra rəsmi şəxslər iştirak edirlər. Forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsidir.
"İctimai proseslər media müstəvisində" mövzusunda olan III Forum "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" panel sessiyası ilə davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.