
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Mayın 5-də nümayəndə heyəti Möminə Xatun türbəsi, Əshabi-Kəhf ziyarətgahı, "Duzdağ" Fizioterapiya Mərkəzi, eləcə də Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi ilə yaxından tanış olublar. İştirakçılara bu məkanların zəngin tarixi, memarlıq xüsusiyyətləri, dini və mədəni əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, tarixi abidələrin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin üzvləri regionun çoxəsrlik irsinin, milli-mənəvi dəyərlərinin və tolerantlıq ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Belə səfərlərin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı din xadimləri arasında həmrəyliyin gücləndirilməsinə, ortaq kimlik və mənəvi bağlılığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi bildirilib.
Qeyd edək ki, səfərdə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən 40-dan çox azərbaycanlı din xadimi iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.