
1994-cü ildən bu yana 15 milyon satış rəqəmini ötən Toyota RAV4 kompakt SUV seqmentinin öncüllərindən hesab olunur. İndi isə tamamilə yeni, altıncı nəsil RAV4 fərqli dizaynı və texnoloji innovasiyaları ilə bu irsi davam etdirir. Avtomobil yolsuzluq şəraitindəki qətiyyəti ilə zərif şəhər sürüşləri arasında balansı qorumaqla yanaşı sürücülərə ideal rahatlıq bəxş edir.
Tam yeni "RAV4"ün eksteryeri demək olar ki, yenidən dizayn edilib. Ön hissənin çəkicbaşı xatırladan dizaynı, relyefli kapotu, həmçinin 18 və 20 düymlük diskləri ona daha güclü duruş qazandırır. Bu disklər eyni zamanda avtomobili yerdən kifayət qədər hündürdə saxlayaraq yolsuzluq performansını da gücləndirir. Avtomobilin ön və arxasındakı incə LED faralar isə ona daha müasir və texnologiya yönümlü görünüş qazandırır.
Daxildə sürücüləri yenidən dizayn edilərək müasirləşdirilmiş sükan dizaynı, daha enli görüş bucağı üçün 40 mm aşağı endirilmiş ön panel, daha aydın proyeksiyalı displey, və intuitiv rəqəmsal kokpit gözləyir. Burada 12,9 düymlük multimedia ekranı və 12,3 düymlük, sükandan rahat şəkildə görünən cihazlar paneli yerləşdirilib. Əlavə olaraq, ön hissədə iki naqilsiz enerji doldurma cihazı və iki 45 Vt güclü USB girişi, arxa hissədə isə eyni güclü üç USB girişi yerləşdirilib ki, bu da uzun səyahətlərdə çox sayda cihazı tam enerji ilə təmin edir. Avtomobil premium görünüş və sərnişin rahatlığı üçün dizayn edilsə də, olduqca geniş yük yerinə də sahibdir.
Yeni RAV4 performansın zirvəsində dayanan Plug-in Hibrid (PHEV) sistemi ilə tam elektrik rejimində 137 km-ə qədər məsafə qət edə bilir. Bu model 0-100 km/saat sürətlənməni cəmi 5,8 saniyəyə tamamlayır. Yeni 22,68 kVts-lıq batareya 50 kVt-lıq enerji doldurma cihazı vasitəsilə 10%-dən 80%-ə 30 dəqiqə ərzində doldurula bilir. Tam hibrid (HEV) versiyası isə daha yüngül və yığcam batareya dəsti sayəsində səmərəliliyi artıraraq 100 km-ə cəmi 5,8 litr yanacaq sərfiyyatı təmin edir. Tam ötürücülü modellərin 2 tona qədər dartma gücünə sahib olması isə "RAV4"ün gücünün əsas göstəricilərindəndir.
Qeyd edək ki, avtomobilin Hibrid versiyası artıq Azərbaycandakı rəsmi Toyota mərkəzlərində (Bakı, Abşeron və Gəncə) satışdadır, Plug-in Hibrid (PHEV) versiyasının isə yaxın zamanda satışa çıxması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.