
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır.
Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir.
AVESTA.AZ-in məlumatına görə, araşdırmanın nəticələri Science Daily nəşrində dərc olunub.
Tədqiqat zamanı müəyyən edilib ki, tor qişanın mərkəzində yerləşən və dəqiq görməyə cavabdeh olan hüceyrələrin inkişafı əvvəllər düşünüldüyü kimi baş vermir. Əvvəlki elmi yanaşmaya görə, mavi rəngi qəbul edən işığahəssas hüceyrələr (kolbacıqlar) əvvəlcə tor qişanın mərkəzində yaranır, daha sonra isə digər nahiyələrə doğru hərəkət edir.
Lakin yeni araşdırma göstərib ki, bu hüceyrələr yerini dəyişmir. Əksinə, inkişafın müəyyən mərhələsində onların bir hissəsi qırmızı və yaşıl rəngləri qəbul edən hüceyrələrə çevrilir.
Alimlərin məlumatına görə, hamiləliyin 10–12-ci həftələri arasında tor qişanın ən dəqiq görməyə cavabdeh hissəsində əvvəlcə az sayda mavi kolbacıq yaranır. Təxminən 14-cü həftədən etibarən isə bu hüceyrələr tədricən qırmızı və yaşıl kolbacıqlara çevrilir.
Bu dəyişiklik iki mərhələdə baş verir. İlk mərhələdə A vitamini ilə əlaqəli olan retinoik turşunun səviyyəsi azalır və nəticədə yeni mavi kolbacıqların yaranması məhdudlaşır. Daha sonra isə qalxanabənzər vəz hormonları qalan mavi hüceyrələrin qırmızı və yaşıl hüceyrələrə çevrilməsini təmin edir.
Tədqiqatın rəhbəri, Cons Hopkins Universitetinin biologiya üzrə dosenti Robert Conston bildirib ki, tor qişanın mərkəzində mavi kolbacıqların qalması görmə keyfiyyətinin zəifləməsinə səbəb ola bilər.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə görmə itkisi ilə müşayiət olunan göz xəstəliklərinin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.
Xatırladaq ki, oftalmoloqlar daha əvvəl də gündəlik həyatda rast gəlinən bəzi vərdişlərin görmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.