
Son illər Moldovada yaşayan azərbaycanlıların ictimai, siyasi, iqtisadi və idman sahələrində fəallığı daha çox nəzərə çarpır. Təxminən 5 min nəfərdən ibarət Azərbaycan icmasının nümayəndələri paytaxt Kişineu ilə yanaşı, ölkənin müxtəlif regionlarında da uğurla fəaliyyət göstərirlər.
Moldova Azərbaycanlıları Konqresinin Şura sədri Ramil Adıgözəlov bildirib ki, azərbaycanlılar artıq yalnız Moldova ilə kifayətlənməyərək Rumıniya və digər qonşu ölkələrdə də əlaqələrini genişləndirirlər.
"Son zamanlar Moldovadakı Azərbaycan diasporu xeyli güclənib. Həmvətənlərimiz idmanda, biznesdə, siyasətdə və digər sahələrdə uğur qazanırlar. Diasporumuz çox həmrəy və fəaldır. Buna görə də bizi burada tanıyır və hörmət edirlər", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Moldovada azərbaycanlı həkimlər, müəllimlər, iş adamları və informasiya texnologiyaları sahəsində çalışan gənclər kifayət qədər fəaldırlar. Azərbaycanlı gənclərin müxtəlif siyasi partiyalarda təmsil olunması da onların gələcəkdə ölkənin ictimai-siyasi həyatında daha mühüm rol oynayacağını göstərir.
Moldovada uğur qazanan azərbaycanlılardan biri də Adil Osmanovdur. O, idman sahəsində hələlik yeganə azərbaycanlıdır ki, yüksək nailiyyət qazanıb. Adil Osmanov cüdo üzrə Olimpiya üçüncüsüdür, amma hədəfi qızıl medal qazanmaqdır.
"Moldovada çox perspektivli azərbaycanlı idmançılar var. Cüdo ilə yanaşı, avarçəkmə, boks və taekvondo sahələrində də həmvətənlərimiz fəaliyyət göstərirlər. Mən özümü Moldovada evdəki kimi hiss edirəm. Buradakı dostlarımın Azərbaycan haqqında fikirləri çox müsbətdir. Onlar qonaqpərvərliyimizi, mətbəximizi və mədəniyyətimizi sevirlər", - deyə o vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.