
Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun tunel hissəsində baş verən qəza olub.
Belə ki, ərazidən keçən irihəcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı 215 millimetr diametrli ortatəzyiqli qaz xətti zədələnib.
Gəncə Regional Qaz İstismarı İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyevin sözlərinə görə, hadisədən dərhal sonra əraziyə qurumun əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Onun sözlərinə görə, hazırda qaz xəttində təxirəsalınmaz təmir-bərpa işləri aparılır: "Hazırda əməkdaşlarımız və xüsusi texnikalar hadisə yerindədir. Təmir-bərpa işləri davam etdirilir. Yanğın ərazidən keçən ir həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində baş verib. Nəticədə qaz xətti zədələnib və ani alışma meydana gəlib. Hazırda mütəxəssislər tərəfindən təmir işləri aparılır."
Qeyd edək ki, hazırda şəhərin bir hissəsində qaz təchizatı dayandırılıb. Samin Hacıyev əlavə edib ki, işlərin günorta saatlarında yekunlaşdırılması və qaz təchizatının bərpa olunması gözlənilir.
***09:00
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.
Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.