
Parisə (Fransanın paytaxtı) 12 il rəhbərlik etmiş keçmiş mer Ann İdalqo Senatda keçirilən dinləmələr zamanı məktəbdənkənar təhsil sistemində uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınmamasında dövlət qurumlarının "kollektiv uğursuzluğundan" danışsa da, şəxsi məsuliyyətini qəbul etməyib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, İdalqo sözügedən sistemdə zorakılıq hallarını araşdıran komissiyanın qarşısında senatorların suallarını cavablandırarkən bildirib ki, problem barədə məlumatlı olmalarına baxmayaraq, dövlət qurumları "uşaqları qoruya bilməyib".
"Təsisatlarımız uğursuzluğa düçar oldu və bu, kollektiv uğursuzluqdur", - deyən sabiq mer, valideynlərin uşaqlarını şəhər təhsil sisteminə etibar etdikdən sonra onların cinsi zorakılıq qurbanı olmasından təəssüfləndiyini bildirib.
Bununla yanaşı, İdalqo vəziyyətin Parisin sistemli problemi kimi xarakterizə edilməsini rədd edib. Senator Aqnes Evrenin pozuntuların sistemli olub-olmaması ilə bağlı sualına o belə cavab verib: "Bu, milli problemdir", - cavab verib və qeyd edib ki, merlər bütün məlumatlara malik deyillər və tabeliklərindəki sistemdə baş verən hər şeyə görə məsuliyyət daşıya bilməzlər.
İdalqo həmçinin bildirib ki, 2021-2025-ci illərdə şəhər administrasiyası dörd il ərzində Cinayət-Prosessual Məcəllənin 40-cı maddəsinin əhatə dairəsinə düşən hallar barədə məlumatları sistematik olaraq prokurorluğa ötürməyib. Onun sözlərinə görə, müvafiq təcrübə onunla razılaşdırılmadan dəyişdirilib.
"Onlar mənimlə və ya kabinetimlə razılaşdırmadan doktrinanı dəyişdirdilər. Mən dərhal müəyyən etdiyim prosesə qayıtmağı tələb etdim. Mənim administrasiyam təlimatımı yerinə yetirmədi və bu, məyusedicidir", – o bildirib.
Beləliklə, İdalqo aşkar edilmiş pozuntuları ilk növbədə administrasiya daxilindəki axsamaların və qurumlar arasında qeyri-kafi qarşılıqlı əlaqənin nəticəsi kimi təqdim edib. O vurğulayıb ki, mandatı illərində şəhər zorakılığın qarşısının alınması üçün tədbirlər görüb. Öz məsuliyyəti ilə bağlı suala cavab olaraq İdalqo başqalarını günahlandırmağa çalışmadığını bildirib.
"Mən deməyə çalışmıram ki, bu mən deyiləm, başqalarıdır", – o deyib.
Lakin zərərçəkmiş uşaqların ailələrinin nümayəndələri onun cavablarını yetərli hesab etməyiblər.
"SOS Périscolaire" QHT-nin nümayəndəsi dinləmələrdən sonra keçmiş merin cavablarına təəccüblənmədiyini bildirib; onun sözlərinə görə, bu cavablar "həmişə başqalarının çatışmazlıqlarına və məsuliyyətinə işarə edir, lakin heç vaxt onun özününkünə yox". Təşkilat məsuliyyətin faktiki olaraq müxtəlif qurumlar arasında "yayıldığını" tənqid edib.
"#MeTooEcole" valideynlər birliyinin, nümayəndəsi Barka Zeruali bildirib ki, valideynlər baş verənləri sadəcə olaraq keçmişdə qoya bilməzlər. "Hadisədən sonra özünə gələ bilməyən və sarsılan valideynlərə necə deyə bilərik ki, həyatlarına davam etsinlər?" - o deyib.
İdalqo yalnız zərərçəkənlərin ailələri ilə görüşmədiyinə görə təəssüfləndiyini bildirib.
Senatorlar həmçinin qeyd ediblər ki, hələ 2015-ci ildə Parisin Baş İnspeksiyası şəhər əməkdaşları tərəfindən cinsi cinayətlər riski barədə xəbərdarlıq edib. Bununla yanaşı, komissiyanın məlumatına görə, həmin hesabatdakı tövsiyələrin bir hissəsi heç vaxt həyata keçirilməyib, ehtimal olunan cinayətlər barədə məlumatların sistematik şəkildə ötürülməsi isə bir neçə il müddətinə dayandırılıb.
Dinləmələr zamanı təqdim olunan məlumatlara əsasən, bu ilin əvvəlindən Paris 132 əməkdaşı, o cümlədən cinsi və ya gender zorakılığında şübhəli bilinən 52 nəfəri işdən kənarlaşdırıb. Paris məktəblərinin və uşaq müəssisələrinin əməkdaşlarına qarşı 200-dən çox istintaq başladılıb.
İdalqo 2014-cü ildən 2026-cı ilə qədər Parisə rəhbərlik edib. Ondan sonra Senat komissiyasının qarşısında uzun müddət təhsil məsələlərinə cavabdeh olan keçmiş birinci müavini Patrik Bloş çıxış edib. Sentyabrın 16-da senatorlar altı il ərzində İdalqonun birinci müavini olmuş Parisin hazırkı meri Emmanuel Qrequarı dinləyəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.