
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb
Layihədə qeyd olunur ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna təklif edilən dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Layihə ilə müvafiq maddələrinə edilən dəyişikliklərə əsasən Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Layihə ilə təklif olunan digər dəyişiklik məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsinin qanunvericilik səviyyəsində təsbit edilməsi ilə bağlıdır.
Beləliklə, qanun layihəsinin qəbulu ədliyyə orqanlarının tibb xidmətinin fəaliyyətinin daha səmərəli təşkilinə, həmin sahədə xidmət keçən hərbi qulluqçuların hüquqi statusunun dəqiq müəyyən edilməsinə, xüsusi rütbələrin verilməsi sahəsində vahid hüquqi mexanizmin formalaşdırılmasına və hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.