
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yeniliklərə həsr olunmuş onlayn görüş keçirib.
BAKU.WS bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Xidmətin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə "Startaplar, mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində mövcud olan yenilik" mövzusunda təqdimatla çıxış edib. O, "Bir pəncərə" sisteminin və elektron qeydiyyat imkanlarının tətbiqi, qeydiyyat prosesinin sadələşdirilməsi və sürətləndirilməsi, həmçinin "Biznesə daxilolma" indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı xidmətinin əlçatan olması, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı "SİMA" rəqəmsal imzadan istifadə imkanının yaradılması biznesə başlama prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlardandır. Görüşdə rəqəmsal xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov isə investisiya cəlbediciliyinin artırılması, innovativ sahibkarlıq ekosisteminin inkişafı və startupların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.