
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzağa Əliyev küçəsində tikilməkdə olan mərasim zalının sökülməsinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti münasibət bildirib.
Xidmətdən Baku TV-yə vurğulanıb ki, Prezidentin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə" təsdiq edilib:
"Əsasnamənin 3-cü bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirirlər. Ölkə başçısının 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş Xidmətin Əsasnaməsinin 2.0.10-cu bəndində digər məsələlərlə yanaşı torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə aid edilib.
Qeyd olunmuş normativ hüquqi aktların tələblərinə uyğun olaraq Xidmət dövlət nəzarətinə aid məsələlərlə bağlı qanunvericilikdə müəyyən olunmuş vəzifələri daşıyan aidiyyəti dövlət orqanları ilə birgə müvafiq sahədə mütəmadi monitorinqlər aparır, aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər həyata keçirir.
Sentyabrın 8-də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsi tərəfindən paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsinin ərazisində monitorinq keçirilərkən mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətinə aid ərazidə təqribən 500 kv.m torpaq sahəsinin zəbt edilməsi və heç bir tikinti sənədləri olmadan üzərində qanunsuz tikinti işlərinin aparılması aşkar edilib.
Tikinti işlərini aparan şəxs Bəxtiyar Şirməmməd oğlu Kazımova müvafiq sənədlərin təqdim olunması üçün müraciət edilsə də o, Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda müəyyən olunmuş, torpaq sahəsinin ayrılmasını və onun üzərində tikintinin aparılmasına səlahiyyət verən, mülkiyyət, icarə və ya istifadə hüququnu, eləcə də tikintinin aparılmasının qanunauyğunluğunu təsdiq edən sənədləri təqdim edə bilməyib" - açıqlamada qeyd olunub.
Vurğulanıb ki, bu sənədlərin əvəzinə B.Kazımov Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə nümayəndəsi A.Əliyevə surəti isə "Suraxanı rayonunun Hövsan qəsəbəsinin 1 saylı Zeytun sovxozu yaşayış sahəsində yaşayan Elbrus Xanəliyevə və başqalarına" ünvanlanmış və Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının müavini E.Yolçuyevin imzası ilə təsdiq olunmuş 11 mart 2011-ci il tarixli məktub təqdim olunub. Həmin məktuba əsasən, qəsəbə nümayəndəsinə "vətəndaş mərasimləri binasının Suraxanı RİH nəzdində Layihə Smeta Bürosu tərəfindən hazırlanmış layihəyə və tikinti norma və qaydalarına uyğun tikilməsinə nəzarət edilməsi" tapşırılıb.
"Aşkar olunmuş fakt üzrə akt tərtib olunub, torpaqayırma ilə bağlı hüquqmüəyyənedici sənədlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə Xidmətdə və elektron bazalarda əks etdirilmiş məlumatlar araşdırılıb, təhlil edilib, struktur qurumlara sorğular göndərilib.
Məsələ araşdırılarkən müəyyən olunub ki, həmin ərazidə heç vaxt hər hansı fiziki və ya hüquqi şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada torpaq sahəsi ayrılmayıb, tikintinin aparılmasına icazə verilməyib.
Aşkar olunmuş faktın hüquqi tərəfinə gəldikdə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin dördüncü hissəsinə əsasən torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi) və torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Məcəllənin 66-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
"Torpaq icarəsi haqqında" Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 4.16.4-cü hissəsinə uyğun olaraq müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini "Torpaq icarəsi haqqında" Qanuna uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilib.
Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.4-cü maddəsinə əsasən tikintiyə icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərinə aid olunub. Həmçinin 47.4.5-ci maddəsinə uyğun olaraq tikinti obyektinin sifarişçisi tikinti işlərini başlamazdan əvvəl tikintiyə icazə alır. Bu zaman, 75-ci maddəyə görə sifarişçi tikintiyə icazə almaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət edərək ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi əlavə etməlidir.
Lakin araşdırma nəticəsində müəyyən olunub ki, Suraxanı rayonunun Hövsan qəsəbəsinin ərazisində Mirzağa Əliyev küşəsində B.Kazımov tərəfindən dövlət mülkiyyətində olan ərazidə mərasim evinin tikintisi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada torpaq sahəsi ayrılmayıb və tikintiyə icazə alınmayıb.
Beləliklə, dövlət mülkiyyətinə aid torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi və onun üzərində tikintinin aparılması təsdiqini tapmışdır. Xüsusi vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması cinayət məsuliyyətinə səbəb olur.
Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə əsasən, tikinti mərhələsində olan tikinti obyektinin və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi onun söküntüsünə əsas verən haldır.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanlarına məlumat verilib, qanunsuz inşa olunan özbaşına tikilinin sökülməsi təmin olunub.
Qeyd olunmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ildən bugünədək aparılmış monitorinqlər nəticəsində yalnız Bakı şəhərində torpaq və şəhərsalma sahələrində qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 11 846 fakt aşkar olunub. Onlardan 8 373 hal Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməllərin, yəni torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması (torpaqları zəbt etməklə tikinti işlərinin aparılması) ilə bağlıdır. Sadalanmış dövr ərzində Suraxanı rayonunda torpaq və şəhərsalma sahələrində qanunvericiliyinin pozulması ilə bağlı aşkar edilmiş 1 547 faktdan 1 093-ü Hövsan qəsəbəsində törədilib. Bu rayonda torpaqların zəbt edilməsi ilə bağlı müəyyən edilmiş 872 faktdan 517-si Hövsan qəsəbəsində baş verib. Yalnız son bir il ərzində sonuncu hadisənin baş verdiyi ərazidən 400 metrədək olan məsafədə 3 oxşar fakt aşkar olunub.
Məlum olduğu kimi, şəhərsalma qaydalarına zidd olaraq xaotik şəkildə inşa edilən qanunsuz tikililər şəhərimizin görünüşünü korlamaqla yanaşı, olduqca ciddi infrastruktur problemləri yaradır. Bunların sırasında yol-nəqliyyat xətlərinin yüklənməsi, əhalinin qaz, işıq və su təminatının çətinləşdirilməsi, kanalizasiya sistemlərinin fəaliyyətinin pozulması və sair problemləri göstərmək olar.
Eyni zamanda, bu tikililər qanunazidd olduğu üçün onların gələcəkdə rəsmiləşdirilməsi, mülkiyyət hüquqlarının təmin edilməsi mümkünsüz olur. Bu isə narazılığa, çoxsaylı şikayətlərə, məhkəmə mübahisələrinə zəmin yaradır.
Təəssüf ki, bəzi hallarda bu əməlləri törədən şəxslər məsuliyyətini dərk etməyərək müxtəlif üsullarla, o cümlədən haqsız olduqlarını bilə-bilə söz azadlığından sui-istifadə edərək sosial şəbəkələrdə həqiqətə uyğun olmayan və dövlət orqanlarının qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində həyata keçirilən fəaliyyətinə kölgə salmaq niyyəti daşıyan məlumatları yaymaqla məqsədlərinə çatmaq istəyirlər", - açıqlamada bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.