
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.
Kənan Zindadil iddia edib ki, universitetə yeni qəbul olduğu zaman geyim tərzinə və sırğa taxmasına görə bullinq və təzyiqlərə məruz qalıb:
"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr ixtisasında ikinci kurs tələbəsi idim. Keçən il sentyabrın 15-də ora daxil olduğum zaman müxtəlif bullinqlər, müxtəlif təzyiqlərlə üzləşmişdim və buna görə hüquq-mühafizə orqanlarını universitetə dəvət etmişdim. Daha sonra universitet rəhbərliyinin mənə dediyi bəzi sözlərdən sonra şikayətimi geri çəkib onlardan şikayətçi olmamışdım. Dünən Elmi Şurada da dedim ki, mən həmin sözləri o məqsədlə deməmişəm. Orada mənə yazılan təhqirə cavab vermişəm. Yoxsa mən kiməsə durub canlı yayımda təhdid edərəm?
Hətta polis orqanına da dəvət olunanda cərimələndim. Dedim, özləri baxdılar, sentyabr-oktyabr aylarında İncəsənət Universitetində belə bir hadisə olub. Mən bullinqə, təhqirə, təzyiqə, sırğa taxdığıma və geyim tərzimə görə müxtəlif təhqirlərə məruz qalmışam. Daha sonra hüquq-mühafizə orqanları ora gəlib. Bunların hamısı orada yazılıb.
Amma bu il, yəni orada oxuyan uşaqlar, tələbələrin çoxu, birinci kurslardan olan uşaqlar deyir ki: "Kənan, sən kimə təzyiq göstərmisən? Sən bizim dostumuz olmusan, yaxın olmusan".
Mən buradan bütün lazımi qurumlara səslənirəm. Mənim haqsız yerə universitetdən xaric olmamağım üçün mənə kömək etsinlər.
Çünki ora üçün əziyyət çəkib hazırlaşmışam. İstədiyim fakültədə, istədiyim sənətdə oxuyurdum. Aktyor sənəti Azərbaycanda başqa heç bir universitetdə yoxdur. Mən iki il əziyyət çəkib gəlmişəm və mən orada heç bir, necə deyim, kəsrim, qayıbım olmayıb. Mən oxuduğuma görə təqaüd alırdım. Amma dünən Elmi Şurada mənə bəzi elə sözlər də deyilib ki, onlar da hətta mənim üçün alçaldıcı ifadələrdir. Yəni bir rəhbərlik bunu mənə deməməli idi.
Mənim universitetdə oxuduğum iki semestr boyu nə hər hansı bir töhmətim olub, nə mənim valideynim universitetə çağırılıb. Müəllimlərə qarşı hər zaman hörmətli olmuşam, müəllimlərlə hər zaman xoş davranmışam. Yəni ən azından müəllimlər də bunu deyə bilərlər axı, mən elə olmuşamsa. Mən heç bir zaman pis olmamışam heç birinizə qarşı.
Necə olur ki, amma kimsə mənim o videomu xoşu gəlmədiyi üçün kəsib-birləşdirib, məni hədəf göstərib, mən təhsilimdən olmuşam? Mən əziyyət çəkmişəm orada bir il, əziyyət! Mən hər gün universitetə gəlmişəm, getmişəm, dərslərimə hazırlaşmışam.
Haqsız yerə bu gün öz təhsilimdən yayınmışam, təhsilimdən geri qalıram.
Təhsilimdən geri qalmaq istəsəydim, elə mənim qayıblarım yığılardı, mən getməzdim də o universitetə. Deməli, mən universiteti sevirdim ki, universitetə hər gün səhər durub gedirdim".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.