
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda verilən reaksiyalar rəsmi İrəvanın sülh gündəliyinə münasibətinin səmimiliyi ilə bağlı suallar yaradır".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, diplomatik korpus nümayəndələrinin bölgəyə səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə bir daha təqdim olunması baxımından əhəmiyyətlidir. Lakin səfərlə bağlı Ermənistanda, o cümlədən hakimiyyətə yaxın dairələrdə səsləndirilən fikirlər reallığı əks etdirməyən yanaşmaların hələ də davam etdiyini göstərir.
"Bu səfərə münasibətdə Ermənistanda həm revanşist qüvvələrin, həm də hakimiyyətə yaxın dairələrin verdiyi açıqlamalar heç də həqiqəti əks etdirmir. Təəssüf ki, bu yanaşma Ermənistan hakimiyyətinin bölgədə davamlı sülhün əldə olunmasında nə dərəcədə maraqlı olduğu ilə bağlı suallar yaradır. Müharibədə məğlub olmuş Ermənistan sonrakı mərhələdə Azərbaycanla danışıqlar aparmağa məcbur olub. Lakin təəssüf ki, bu danışıqlar prosesində sülhə real töhfə verən yanaşmalarla yanaşı, ziddiyyətli mövqelər də nümayiş etdirilir", - deyə V.Bayramov qeyd edib.
Deputat Paşinyanın 2022-ci ildə Praqa razılaşmasından sonra Şarl Mişelə qondarma təsisatın məktublarını təqdim etməsinin Ermənistanın sülh prosesindəki yanaşması ilə bağlı ziddiyyətli təsəvvür yaratdığını bildirib.
"Bir tərəfdən Ermənistan hakimiyyəti sülh gündəliyinə sadiqliyini nümayiş etdirir, digər tərəfdən isə fərqli mövqelər ortaya qoyulur. Xüsusilə regionda yeni reallıqların formalaşdığı bir dövrdə bu cür yanaşmalar sülh prosesinin irəliləməsi baxımından arzuolunan deyil", - deputat vurğulayıb.
V.Bayramov əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan regionda sülh və əməkdaşlığın genişlənməsinə töhfə verən addımlar atır.
"Azərbaycan Ermənistana yanacaq ixrac edib. Eyni zamanda, Ermənistan istiqamətində daşınan yüklərlə bağlı öz ərazisindən keçid məhdudiyyətlərini aradan qaldırıb. Bütün bunlar Azərbaycanın sülh gündəliyinə real töhfə verdiyini və regionda davamlı sülhün, əməkdaşlığın və iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu göstərir", - deyə millət vəkili bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan tərəfindən atılan bu addımlara Ermənistanın həm müxalif, həm də hakimiyyət səviyyəsində adekvat münasibətin nümayiş etdirilməməsi təəssüf doğurur.
"Azərbaycanın yanaşması praktik addımlarla müşayiət olunur. Ermənistan tərəfinin də eyni şəkildə sülh və əməkdaşlığa xidmət edən konkret addımlar atması vacibdir", - Vüqar Bayramov əlavə edib.
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.