
Yeniyetməlik dövründə yüksək bədən kütləsi indeksinə (BKİ) malik olmaq insan orqanizminin illər sonra daha sürətli bioloji qocalması ilə əlaqəli ola bilər.
BAKU.WS xəbər verir ki, bu qənaət Finlandiya alimlərinin uzunmüddətli araşdırmasının nəticələrində əksini tapıb.
Tədqiqatın nəticələri International "Journal of Obesity" jurnalında dərc olunub.
Alimlər 1980-ci ildən etibarən davam etdirilən "Gənc finlərdə ürək-damar xəstəlikləri riski" adlı araşdırmanın məlumatlarını təhlil ediblər. Tədqiqat çərçivəsində 2045 nəfərin göstəriciləri nəzərdən keçirilib.
Mütəxəssislər iştirakçıların uşaqlıqdan yetkinlik dövrünədək qeydə alınmış BKİ göstəricilərini onların epigenetik markerləri ilə müqayisə ediblər. Bu markerlər orqanizmin bioloji yaşını və qocalma sürətini qiymətləndirməyə imkan verir.
Nəticələr göstərib ki, yeniyetməlik dövründə yüksək BKİ həmin yaşlarda çəkinin nə qədər sürətlə artmasından daha çox, sonrakı dövrdə sürətlənmiş bioloji qocalma ilə əlaqəlidir.
Bu əlaqə bədən çəkisinin yüksək olmasına genetik meyli olan iştirakçılarda daha aydın müşahidə edilib.
Bununla belə, tədqiqat müəllifləri nəticələrin şərhində müəyyən məhdudiyyətlərin olduğunu vurğulayıblar. Belə ki, BKİ orqanizmdəki yağ və əzələ kütləsini ayrı-ayrılıqda göstərən dəqiq göstərici deyil.
Bundan başqa, araşdırmada iştirak edənlərin böyük əksəriyyəti Finlandiyada yaşayan Avropa mənşəli şəxslər olub. Buna görə də əldə edilən nəticələrin digər etnik və coğrafi qruplara eyni şəkildə aid olduğunu söyləmək mümkün deyil.
Beləliklə, alimlər yeniyetməlik dövründə yüksək BKİ ilə daha sonrakı yaşlarda bioloji qocalma arasında əlaqə olduğunu müəyyən ediblər. Lakin bu nəticə yüksək BKİ-nin birbaşa qocalmaya səbəb olduğunu göstərmir və əlavə araşdırmalara ehtiyac var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.