
Ermənistanın baş naziri Nikol Paşinyana Almaniyanın Hessen Sülh Mükafatının verilməsi Azərbaycan-Ermənistan sülh prosesi fonunda müzakirələrə səbəb olub.
Baku TV-nin məlumatına görə, mükafatın təqdim olunması zamanı Paşinyanın Azərbaycanla sülh prosesindəki rolu, demokratik islahatları və Avropa ilə yaxınlaşma siyasəti xüsusi vurğulanıb.
Məsələ ilə bağlı yayılan şərhlərdə isə sülh prosesinin iki ölkə arasında aparıldığı halda mükafatın yalnız bir liderə təqdim edilməsinə diqqət çəkilir. Paşinyan özü də çıxışında 2025-ci ildə Vaşinqtonda əldə olunan nəticələrin Azərbaycan Prezidenti İlham Əliyev və onun arasında imzalanan sənədlərlə bağlı olduğunu bildirib.
Hessen Sülh Mükafatının tarixində sülh prosesində iştirak edən tərəflərin birlikdə mükafatlandırılması nümunələri də mövcuddur. 2020-ci ildə Yunanıstanın Baş naziri Aleksis Tsipras və Şimali Makedoniyanın Baş naziri Zoran Zaev Prespa Sazişinə görə birlikdə bu mükafata layiq görülüblər.
Müzakirələrdə Hessen Sülh Mükafatının sülh və barışıq prinsiplərinə əsaslandığı, laureatın sonrakı fəaliyyətinin də mükafatla bağlı qiymətləndirmələrə təsir göstərə bildiyi qeyd olunur.
Bununla yanaşı, Paşinyana mükafatın verilməsi Almaniyanın Cənubi Qafqaz siyasəti və Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması ilə bağlı müxtəlif sualların səsləndirilməsinə səbəb olub.
Qeyd edək ki, Hessen Sülh Mükafatının əvvəlki təqdimatlarında da ayrı-ayrı şəxslərin diplomatik fəaliyyəti və beynəlxalq sülh proseslərinə töhfələri mükafatın verilməsinin əsaslandırılması kimi göstərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.