
Kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün məhsulu müxtəlif risklərdən qorumaq və mümkün maddi itkiləri minimuma endirmək olduqca vacibdir.
AVESTA.AZ-in məlumatına görə, əlverişsiz hava şəraiti və digər gözlənilməz hadisələr əkin sahələrinə ciddi ziyan vura bilər.
Bu baxımdan aqrar sığorta fermerlərin təsərrüfatını qorumaq üçün mühüm vasitələrdən biri hesab olunur.
Bəs fermerlər əkin sahələrini sığortalamaq üçün hara və necə müraciət etməlidirlər? Hansı hallarda aqrar sığorta mexanizmi işə düşür?
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan AVESTA.AZ-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə ümumilikdə 41 növ bitki və bitki məhsulunu sığortalamaq mümkündür:
"Buraya taxıl və digər tarla bitkiləri, meyvə bağları, eləcə də texniki və bostan bitkiləri daxildir. Eyni zamanda aqrar sığorta vasitəsilə iri və xırdabuynuzlu kənd təsərrüfatı heyvanlarını – inək-camış və qoyun-keçiləri sığortalamaq mümkündür.
Fermerlər əkin sahələrini və ya heyvandarlıq təsərrüfatlarını sığortalamaq, eləcə də aqrar sığorta ilə bağlı məlumat almaq üçün Aqrar Sığorta Fonduna bir neçə üsulla müraciət edə bilərlər.
Fermerlər evdən çıxmadan Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edə, Fondun rəsmi internet saytı vasitəsilə ASA sistemindəki fərdi kabinetlərinə daxil olaraq sığorta üçün müraciət edə bilərlər.
Bundan başqa, fermerlər Aqrar Sığorta Fondunun Bakıdakı ofisinə – 8 Noyabr prospekti, 185 ünvanına, eləcə də Fondun bölgələrdə – Quba, Cəlilabad, Şəki, Göyçay, Şəmkir və Naxçıvanda fəaliyyət göstərən filiallarına müraciət edərək təsərrüfatlarını sığortalaya və ya onları maraqlandıran suallara cavab ala bilərlər.
Sığorta üçün ödənilən məbləğ əkinin növündən, gözlənilən məhsuldarlıqdan, məhsulun proqnozlaşdırılan qiymətindən və əkin sahəsinin yerləşdiyi regiondan asılı olaraq dəyişir. Hesablanan sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır".
Orxan Hüseyn
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.