
Paytaxtda Ağ Şəhər ərazisində mövcud olan və avtomobillərin üzərindən keçərkən atılıb-düşməsinə səbəb olan tramplin müzakirələrə səbəb olub.
AVESTA.AZ xəbər verir ki, ərazidən keçən avtomobillərin bu maneənin üzərindən hərəkəti zamanı yaranan görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AVESTA.AZ-ə verilən məlumata görə, ərazidə yolun hərəkət hissəsində hər hansı çökmə qeydə alınmayıb:
"Mövcud süni maneə layihəyə uyğun olaraq quraşdırılıb və eyni zamanda yüksəldilmiş piyada keçidi funksiyasını yerinə yetirir. Bu həll piyadaların yolun bir tərəfindən digər tərəfinə rahat və təhlükəsiz keçidini təmin etmək, eləcə də nəqliyyat vasitələrinin sürətini azaltmaq məqsədi daşıyır.
Müasir şəhərsalma prinsiplərinə uyğun olaraq, bu cür mühəndislik həllərinin tətbiqi piyada yönümlü şəhər mühitinin formalaşdırılmasına, hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasına və nəqliyyatın hərəkətinin daha təhlükəsiz təşkilinə xidmət edir.
Ərazidə aidiyyəti qurum tərəfindən müvafiq yol nişanı da quraşdırılıb. Sürücülərə yol nişanlarının tələblərinə riayət etmələri, sürət həddini nəzərə almaları və ərazidən keçərkən diqqətli olmaları tövsiyə olunur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.