
Avtomobillərin multimedia sistemləri və internetə qoşulan tətbiqləri kiberhücumlar üçün ciddi risk mənbəyinə çevrilə bilər. Bu boşluqlar şəxsi məlumatların oğurlanmasına, bəzi hallarda isə digər elektron sistemlərin təhlükəsizliyinin pozulmasına səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, İsveçin Göteborq və Çalmers universitetlərinin alimləri avtomobil proqram təminatında aşkarlanmış 413 təhlükəsizlik boşluğunu təhlil ediblər.
Araşdırmaya görə, zəifliklərin 36,2 faizi avtomobillərlə əlaqəli xarici tətbiqlərlə bağlıdır. Tədqiqatçılar həmçinin avtomobil proqramlarında istifadə olunan 20 açıq mənbəli layihəni yoxlayaraq 827 zəiflik daşıyan proqram kitabxanası müəyyən ediblər.
Mütəxəssislər bildirirlər ki, multimedia və internetə qoşulan sistemlər avtomobilin əsas idarəetmə komponentlərindən ayrı saxlanılmalıdır. Əks halda, bir sistemdəki təhlükəsizlik boşluğu digər komponentlər üçün də risk yarada bilər.
Alimlər istehsalçılara proqram təminatını mütəmadi yoxlamağı və yeniləməyi tövsiyə edirlər. Avtomobil sahiblərinə isə qoşulmuş hesabların şifrələrini gücləndirmək, tətbiqlərin təhlükəsizliyinə və məkan məlumatlarına çıxış icazələrinə diqqət yetirmək məsləhət görülür.
Araşdırma "Software Quality Journal" nəşrində dərc olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.