
"Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı vacibdir və bu da büdcədən ayırmaların minimumlaşdırılmasını aktuallaşdırır. 2027-ci ildə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1.6 milyard manatın ayrılması nəzərdə tutulub. Bu il üçün bu rəqəm 1.7 milyard manat idi".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-cı il üçün büdcə layihələrinin müzakirəsi zamanı bildirib.
"Məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin proqnozlaşdırılması metodologiyasına əsasən, 2027-ci il gəlirləri 7 milyard 585 milyon manat proqnozlaşdırılır. Onun da 7 milyard 456 milyon manatı metodologiyaya sabit proqnoz rəqəm kimi daxil edilir, dəyişən (veribl) kimi deyil. Əgər metodologiya nəticəsində əldə ediləcək rəqəmin 98.2 faizi hazır rəqəm kimi formulaya daxil edilibsə, o zaman metodologiyaya nə ehtiyac var?
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar gələn il təxminən 9 faiz artacaq. Qeyri-büdcə sektoru üzrə təxminən 7 faiz artacaq. Gələn ildən qeyri neft və qeyri-dövlət sektoru üzrə gəlir vergisinin 3 faizdən 5 faizədək artırılmasının təsirləri nəzərə alınıbmı? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənişlərin daha çox artacağı gözləniləndir. Çünki gələn ildən minimum əməkhaqqı da artırılacaq.
2027-ci ilə sair xərclərdə 30 faiz artım nəzərdə tutulub. Bu, xərc maddələri üzrə ən yüksək artım faizidir. Hazırda "sair xərclərin" görünən təsnifatı olmadığı üçün ümumiyyətlə, büdcələrə daxil edilməməsinin müzakirə edildiyi halda, bu maddə üzrə yüksək artım faizi nə ilə bağlıdır?
2027-ci ildə əhaliyə ödənişlər fondun büdcəsində 96.5 faiz çəkiyə malik olacaq. Bu göstərici bu il üçün 96.4 faiz proqnozlaşdırılıb. Cüzi azalma olsa da belə sosial paketin icra olunacağı il üçün müzakirə olunmalı məsələdir. Səbəb icra vəziyyəti ilə bağlıdır?
Müavinət ödənişlərində gələn il kəskin artımlar olacaq. Uşağın anadan olmasına görə məbləğ 39 milyon 970 min manatda gələn il 84 milyon 10 min manata, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar ödəniş 10 milyon manatdan 21.4 milyon, dəfn üçün nəzərdə tutulan məbləğ isə 37.6 milyon manatdan 50.5 milyon manata çatdırılacaq.
Dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədəuyğun olardı. Mövcud qaydalara əsasən, dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxslər və əmək pensiyaçıları vəfat etdikdə dəfn pulu ödənilir. Amma işləməyən şəxs dünyasını dəyişən zaman onun ailəsinin bu dəstəyə ehtiyacı daha çox olur. Ona görə də həmin ailələrə bu hallarda müavinətin ödənilməsi arzuolunandır. 2025-ci ildə Azərbaycanda dünyasını dəyişənlərin ümumi sayı 33 806 nəfər olmuşdur. Onların 62,6 faizi isə 65 və yuxarı yaşda olub, deməli, əksəriyyəti pensiyaçı olub. Göründüyü kimi, bu, əlavə ciddi izafi xərc yaratmayacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri bu il üçün nəzərdə tutulan 90 milyon 980 min manatdan gələn il 94 milyon 750 min manata çatdırılır. Bu artım ödənişlərdəki ümumi artım ilə bağlıdır, yoxsa bank xərclərində artımlar proqnozlaşdırırsınız?
İşsizlikdən sığorta fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə, ya fondun xərclərinin strukturunun yenidən təhlili, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur.
Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, "Məşğulluq və işsizlikdən sığorta fondu" adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı", - deputat bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.