
Vətənin qəhrəman oğulları kimi o da şərəfli döyüş yolu keçib. 44 günlük Vətən müharibəsində əzmlə vuruşub. Noyabrın 8-də keçirilən əməliyyat zamanı ağır yaralanıb və Qələbə xəbərini müalicə aldığı xəstəxanada eşidib.
AVESTA.AZ Baku TV-yə istinadən xəbər verir ki, söhbət Cəlilabad rayonunun Göytəpə şəhərindən olan Kamran İbrahimovdan gedir. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən hərbçinin döyüş yolu bu gün gənc nəsil üçün nümunəyə çevrilib.
Kamran İbrahimov Şuşayadək uzanan şərəfli döyüş yolundan danışarkən ilk tapşırığının Xocavənd rayonunun Hadrut qəsəbəsindən başladığını bildirib:
"Bəylik kürsümün arxasında asılan bayrağı özümlə götürmüşdüm. Həmin bayrağı çantamda saxlayırdım ki, nə vaxtsa Qarabağımızın hansısa bölgəsində sancım. Şükürlər olsun ki, həmin bayrağı Hadrut qəsəbəsindəki yüksəkliklərdən birinə sancdım. Biz o yüksəkliyi ələ keçirdik və bunun nəticəsində Azərbaycan Ordusunun texnikaları Hadruta daxil ola bildi".
O, noyabrın 8-də Şuşa şəhərində aparılan əməliyyat zamanı yaralandığını da bildirib:
"Azərbaycan bayrağını parlament binasına sancarkən düşmən bütün hava hücumu vasitələrindən istifadə edirdi. Ətrafda yalnız toz-torpaq görünürdü. Raketlərdən biri birbaşa yanımda partladı. Partlayışın zərbə dalğası məni Şuşa qalasına çırpdı.
Noyabrın 8-də Şuşada yaralandım. Ertəsi gün, noyabrın 9-da Füzuli xəstəxanasında gözlərimi açdım. Prezidentin Azərbaycan xalqını təbrik etməsindən sonra xəstəxananın həkimi palataya daxil olaraq hamını yuxudan oyatdı və bizi Qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Ordusu qələbə qazanıb. İnanın, həmin an yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. O sevinc heç nə ilə müqayisə oluna bilməz".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.