
Azərbaycanda şəhərlərarası avtobuslarda sərnişinlərə əlavə xidmətlərin göstərilməsi və servis mədəniyyətinin formalaşdırılması təklif olunur. Bu məqsədlə avtobuslarda standart, komfort və premium xidmət modellərinin tətbiqi mümkün hesab edilir.
BAKU.WS xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.
Ekspert hesab edir ki, son illər sərnişindaşıma sahəsində elektron bilet satışı, nağdsız ödəniş və xidmətlərin təşkili istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, növbəti mərhələdə sərnişinlərə təqdim edilən əlavə xidmətlərin genişləndirilməsinə ehtiyac var.
Rauf Ağamirzəyevin sözlərinə görə, təxminən 7 il əvvəl Azərbaycanda bəzi şəhərlərarası avtobuslarda çay və kofe servisi mövcud olub. Bu təcrübənin yenidən gündəmə gətirilməsi və daha müasir formada inkişaf etdirilməsi məqsədəuyğun ola bilər.
O təklif edir ki, avtobuslarda xidmət səviyyəsinə uyğun üç fərqli model tətbiq edilsin. Standart avtobuslarda yalnız əsas sərnişindaşıma xidməti göstərilə, komfort kateqoriyasında su, çay və kofe təqdim oluna, premium avtobuslarda isə bunlarla yanaşı meyvə şirəsi, yüngül qəlyanaltılar, Wi-Fi və digər imkanlar yaradılmalıdır.
Ekspertin fikrincə, bu xidmətlərin bütün avtobuslarda məcburi şəkildə tətbiqinə ehtiyac yoxdur:
"Əsas məqsəd sərnişinlərə seçim imkanı yaratmaq, əlavə xidmətləri isə bilet qiymətindəki fərqə uyğun təklif etməkdir. Burada söhbət yalnız sərnişinlərə çay və kofe verilməsindən getmir. Əsas hədəf şəhərlərarası avtobus səfərlərini daha rahat, cəlbedici və rəqabətədavamlı etməkdir.
İctimai nəqliyyatın cəlbediciliyi yalnız marşrut şəbəkəsi və gedişhaqqı ilə müəyyənləşmir. Sərnişinin səfər müddətində əldə etdiyi rahatlıq və xidmət keyfiyyəti də nəqliyyat növünün seçilməsində mühüm rol oynayır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.